Manuel Noryeqa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manuel Noryeqa
isp. Manuel Antonio Noriega
Şəxsi məlumatlar
Doğum adı Manuel Antonio Noriega Moreno
Doğum tarixi
Doğum yeri Panama şəhəri, Panama
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Panama şəhəri, Panama
Vəfat səbəbi beyin qansızması[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, narkobaron[d]
Həyat yoldaşı Felicidad Sieiro de Noriega
Uşağı 3
Dini katolisizm, protestantlıq
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general[1], əsgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manuel Antonio Noryeqa Moreno (isp. Manuel Antonio Noriega; (11 fevral, 1934, 29 may, 2017) — Panama dövlət xadimi.

Manuel Antonio Noryeqa Moreno 1934-cü il, fevral ayının 11-də Panamada çox yoxsul bir ailədə anadan olub. Onun valideynləri vaxtilə müəyyən səbəblər üzündən Panamaya köç etmişdilər. Manuel uşaq yaşlarında anası vəfat etdi. Atasının onun tərbiyəsi ilə məşğul olmağa vaxtı yox idi. Buna baxmayaraq, Noryeqa lazımi təhsili ala bildi. O, əvvəlcə, psixiatr olmaq niyyətində idi. Bu məqsədlə də Panama Universitetinin tibb fakültəsini bitirdi. Amma ixtisası üzrə işləmədi. Sonra gənc Manueli əsgərliyə çağırdılar və o, hərbi hissələrdən birində xidmət etməyə başladı. Ordu həyatı yoxsul bir ailədən çıxan və daim ehtiyac içində yaşayan Manuelin həyatında kəskin dəyişikliyə gətirib çıxardı. O, həyatını hərbi işə sərf eməyi qərara aldı və bu məqsədlə Çilidə ali hərbi məktəbdə oxudu. Hərbi təhsilini başa vurandan sonra yenidən doğma vətənə qayıdan Manuel Noryeqa təyinatla hərbi hissələrdən birinə göndərildi. Burada o, general Omar Torrixosun diqqətini cəlb etdi. Yoxsul ailədən çıxan və özünü olduqca intizamlı aparan, hər əmri dəqiqliklə yerinə yetirməyə çalışan, saf və təmizliyi ilə digər zabitlərdən seçilən Manuel Noryeqa general üçün göydəndüşmə bir tapıntı olmuşdu. Ona görə də Torrixos Noryeqanı özünün ən yaxın adamlarından birinə çevirmişdi. Generalın yardımı ilə Noryeqa vəzifə pillələrində sürətlə irəliləməyə başladı. Ötən əsrin 60-cı illərində digər Latın Amerikası ölkələri kimi, Panama da ən ağır iqtisadi, siyasi dövrlərindən birini yaşayırdı. Panama bölgənin əlverişli strateji coğrafi məkanında yerləşməsinə baxmayaraq, kasıb ölkələrdən biri olaraq qalmaqda davam edirdi. Üstəlik, Panamanı idarə edənlər Latın Amerikası ölkələrində təsir dairəsi uğrunda mübarizə aparan müxtəlif güclərin əlində oyuncağa çevrilmişdilər. Oxşar taleyi yaşayan Panamada da korrupsiya və rüşvətxorluq ən yüksək həddə çatmışdı. Panama faktiki olaraq dağılmaq, dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə vəziyyətdə isə ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək üçün hərbçilər hərəkətə keçdilər. 1968-ci ildə general Omar Torrixos Panamada dövlət çevrilişi həyata keçirdi. Həmin dövrdə Panama Milli Qvardiyasında xidmət edən Manuel Noryeqa da Omar Torrixosu dövlət çevrilişində dəstəklədi. Nəticədə dövlət çevrilişi uğurla nəticələndi və devrilmiş prezident Arnulfo Ariasın yerinə hakimiyyətə Omar Torrixos gəldi. Torrixos bu işdə ona dəstək verən Noryeqanı da unutmadı. 1969-cu ildə Torrixosun imzaladığı xüsusi sərəncamla Noryeqa Panama ordusu baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edildi. Qısa müddətdə Noryeqa Torrixosdan sonra ölkənin ikinci adamına çevrildi. Bu vəzifədə işləyərkən Noryeqa ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə başladı. Tezliklə o, ABŞ xüsusi xidmət orqanlarında özü barədə ən çevik bir rəhbər təsiri formalaşdıra bildi. ABŞ Panama hərbçiləri arasında öz təsirini saxlamaq üçün tez-tez yüksək səviyyəli zabitlərə müxtəlif adlar altında maliyyə yardımları göstərirdi. Noryeqa üçün də hər ay ABŞ əlavə maliyyə yardımı ayırmışdı. Bəzi məlumatlara görə, Noryeqa 1970–1986-cı illərdə ABŞ büdcəsindən 320 min dollar maaş almışdı. Onun 1977-ci ildən başlayaraq, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o dövrdəki şefi Corc Buşun ayırdığı xüsusi maliyyə fondundan da hər ay 110 min dollar aldığı məlumdur.

Qeyd etdiyimiz kimi, Noryeqa kasıblığın bütün ağırlığını öz üzərində hiss etmişdi. Ona görə də Torrixosa təklif etmişdi ki, tez-tez kasıblarla görüşlər keçirsin və onların problemlərini öyrənərək həyatlarının yüngülləşdirilməsinə yardım göstərsin. Bu təklifi bəyənən Torrixos mütəmadi olaraq Panamanın müxtəlif regionlarında kasıblarla görüşürdü. Bu, da Torrixosu xalq arasında daha da məşhurlaşdırmışdı. 1981-ci ildə Torrixos belə görüşlərdən birinə gedərkən müəmmalı şəkildə qəzaya uğrayaraq dünyasını dəyişdi. Bundan sonra hakimiyyətə general Dario Paredas gəldi. Paredas Noryeqanı Panama Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin etdi. Orduda aparılan islahatlar çərçivəsində 1983-cü ildə əlahiddə Panama Müdafiə Qüvvələri yaradıldı. Ona rəhbərlik etmək isə Noryeqaya tapşırıldı. Bundan sonra hakimiyyət faktiki olaraq, Noryeqanın əlinə keçdi. 1984-cü ildə Panamada keçirilən Prezident seçkilərində Nikolas Ardito Barletta qələbə çaldı. O isə Noryeqadan asılı idi və onun bütün tapşırıqlarını yerinə yetirirdi.

Ötən əsrin 60–80-ci illərində ABŞ Latın Amerikası ölkələrində, o cümlədən Nikaraquada sosializmə qarşı mübarizə aparırdı. Bunun üçünsə külli miqdarda maliyyə vəsaiti tələb edilirdi. Bu işdə ABŞ dövlətinə çox güc düşməsin deyə Mərkəzi Kəşfiyyat İdarəsi Latın Amerikası ölkələrində narkoticarəti genişləndirmişdi. MKİ-nin nəzarəti altında narkobaronlar öz mallarını ABŞ və Avropa bazarlarına çıxarırdılar. Narkoticarətdən əldə edilən gəlirin böyük hissəsi MKİ-yə çatırdı. MKİ də bu vəsaitdən sosializmə qarşı mübarizədə istifadə edirdi. Noryeqa da MKİ tərəfindən bu əməliyyata cəlb edilmişdi. Noryeqanın vasitəsilə narkoticarətdən əldə edilən gəlir Nikaraquada Daniel Orteqanın sosialist rejiminə qarşı mübarizə aparan "kontras"çılarına çatdırılırdı və bu da sonuncuların mübarizəsinin uğurla nəticələnməsinə aparıb çıxardı. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurası sədrinin köməkçisi podpolkovnik Oliver Nortun xahişi ilə Noryeqa Panama ərazisi vasitəsilə İrana gizlicə yer-hava tipli raketlərin göndərilməsinə yardım etdi. Əldə edilən gəlirdən isə ABŞ kəşfiyytatı ilə bərabər, Noryeqaya da pay çatdı. Bəlkə də bu, Noryeqanın həyatında buraxdığı ən böyük səhvlərdən biri idi. Belə ki, məhz ABŞ kəşfiyyatının narkoticarətinə yardım etməsi onun üçün gələcəkdə fəlakətə gedən yolun başlanğıcını qoydu.

  1. 1 2 Catalog of the German National Library (alm.).